Annotasiya

Ölkəmizdə həyata keçirilən təhsil islahatının tərkib hissəsi kimi tətbiq olunan fənn kurikulumları fənlərin məzmununda  və tədrisində  ciddi dəyişikliyin aparılmasını mühüm  vəzifə kimi qarşıya qoymuş, bu istiqamətdə az iş görülməmişdir. Kurikulum əsasında hazırlanmış dərsliklərin ümumtəhsil məktəblərində tətbiqi başa çatdırılmışdır. Dərsliklərin hər biri ilə işləmək üçün  metodik vəsaitlər çap olunaraq müəllimlərin istifadəsinə verilmişdir. Lakin görülməli olan işlər daha çoxdur. Təlimin keyyiyyətinin yaxşılaşdırılması tədris texnologiyalarının işlənib hazırlanmasını, ölkəmizə ayaq açan yeni yanaşmaların mahiyyətinin aydılaşdırılmasını, əldə etdiklərimizlə uzlaşdırılmasını, tətbiqi yollarının müəyyənləşdirilməsini və s. pedaqoji elmimizin qarşısında ciddi tələb kimi qoymuşdur. Son illərdə meydana çıxan təlim texnologiyalarının, ümumiyyətlə hər cür yeniliyin məktəbə yol tapması  fənn kurikulumlarının, xüsusən məzmun standartlarının mahiyyətinin, tələblərinin və tətbiqi xüsusiyyətlərinin aydın dərk edilməsindən xeyli dərəcədə asılıdır. Bu istiqamətdə araşdırmaların genişləndirilməsinə bu gün ciddi ehtiyac duyulur.

Tədqiqatın mövzusuna uyğun olaraq, bədii əsərlərin ifadəli oxusu üzrə məzmun stndartlarının mahiyyətinin, tələblərinin və tətbiq xüsusiyyətlərinin açıqlanması məqalədə diqqət mərkəzində saxlanılmışdır. Yeni proqramda ifadəli oxu üzrə  ayrıca məzmun standartının əks olunması və sinifdən-sinfə keçdikcə dərinləşdirilməsi diqqəti cəlb edir. Məktəb təcrübəsinin öyrənilməsindən aydınlaşır ki, bədii əsərlərin tədrisində ifadəli oxudan istifadə ilə bağlı  uğurlu addımlar atılsa da, qüsurlara da yol verilir. İfadəli oxudan daha çox lirik şeirlərin tədrisində istifadə olunması, onun tətbiqi ilə bağlı qaydaların dərindən öyrədilməməsi, bu istiqamətdə şagirdlərdə zəruri bacarıqların qədərincə yaradılmaması daha yaxşı nəticələrin əldə edilməsinə mane olur.

Eksperimentin tətbiqi ilə aparılmış tədqiqatın nəticələri məqalədə konkret nümunələr əsasında şərh edilmişdir.