Annotasiya
Ədəbiyyat təlimində istifadə olunan metod və vasitəlrinin ilkin variantları fənnin öyrədilməsi ilə bir vaxtda meydana gəlmişdir və deməli, tarixən qədimdir. Fənnin məzmununda zaman-zaman baş verən yeniliklər öyrətmə və öyrənmə vasitələrində də dəyişikliyi labüd etmişdir. Lakin etiraf edilməldir ki, bu məqamda məzmun daha çevik olmuşdur. Sosial-siyasi dəyişikliklər humanitar fənlərin, xüsusən ədəbiyyatın məzmununa əhəmiyyətli təsir etmiş, ciddi dəyişikliyin edilməsini zərurətə çevirmişdir. Texnologiyalar isə təlim prosesinə çox ləng daxil olmuş, çox vaxt isə yaşamaq haqqını qazana bilməmişdir. Əlbəttə, bunun həm obyektiv, həm də subyektiv səbəbləri olmuşdur. Təbiidir ki, hər bir texnologiya özü ilə müəyyən çətinliklər, hətta, demək olar, problemlər də gətirir. Həmin çətinlilkəri aşkara çıxarmaq, ənənəvi olanlarla yeninin arasındakı ziddiyyətləri (problemlər buradan qaynaqlanır) müəyyənləşdirmək, həlli yollarını tapmaq və nəhayət, istifadəçinin – müəllimin ixtiyarına vermək xeyli zaman və böyük zəhmət tələb edir. Bu istiqamətdə gördüyü iş baxımından pedaqoji elmlər bir çox hallarda, belə demək mümkünsə, yolun yarısında qalır. Bütün bunları obyektiv səbəb kimi qəbul etmək olar.
İşin mahiyyətinə subyektiv səbəblər də az təsir etmir. Uzun illər işlədikləri və mənimsədikləri texnologiyalardan uzaqlaşmaq praktik işçilər – müəllimlər üçün asan deyildir. Yeni ilə mövcud olanı uzlaşdırmaq da onlar üçün həmişə əlçatan olmur. Nəticədə nə qədər faydalı olsa da, yeni texnologiyaların məktəbə geniş yol tapması ya çox zəif olur, ya da, ümumiyyətlə, reallaşmır.