Annotasiya

Ölkəmizdə həyata keçirilən təhsil islahatı təlimin məzmununda, metodlarında ciddi dəyişikliyin, yenilənmənin həyata keçirilməsinə geniş imkan yaratdı. İnkişaf etmiş ölkələrin təhsil sistemi, onlara məxsus təlimin məzmunu, metodları, təşkil formaları və s. barədə yeni biliklərin əldə edilməsi isə bu istiqamətdəki fəaliyyətin səmərəliliyinə əhəmiyyətli dərəcədə təsir etdi. Bu baxımdan müxtəlif təlim texnologiyalarının ölkəmizə ayaq açmasını xüsusi qeyd etmək lazım gəlir. Faydalı hesab edilən təlim texnologiyaları üzrə treninqlərin təşkil edilməsi, nəzəri ədəbiyyatın tərcümə olunması irəliyə doğru atılmış addımlar idi.  Lakin etiraf edilməlidir ki, idxal olunmuş təlim texnologiyaları ilə bağlı bizdə xüsusi araşdırmaların aparılması vəziyyəti qənaətbəxş deyildir. Bu texnologiyaların nəzəri məsələlərinin mükəmməl mənimsənilməsi, nə dərəcədə faydalı olduqlarının eksperiment əsasında yoxlanılması, nəticələrinin çap edilərək məktəbin istifadəsinə verilməsi pedaqoji elmimizin mühüm vəzifəsi olaraq qalmaqdadır. 

Fəal təlim texnologiyası kimi dəyərləndirilən TTİMY (tənqidi təfəkkürün inkişafı üçün mütaliə və yazı) layihəsi şagirdlərin idrak fəallığının, müstəqil düşüncəsinin inkişaf etdirilməsi baxımından diqqəti cəlb edir. Layihə üzrə dərslərin mükəmməl quruluşu, çevik və maraqlı mərhələləri təlimi işləri səmərəli təşkil etməyə geniş imkan yaradır. 

TTİMY özünəməxsus təlim metodları ilə də seçilir. Bu metodlardan bir qismi dərsin bütün mərhələlərində, bəziləri isə ayrı-ayrı mərhələlərdə tətbiq edilir. Onların tətbiqi qaydalarının mənimsənilməsi nə müəllim, nə də şagird üçün çətinlik törətmir.