Annotasiya
Təmayüllü siniflərdə təlim – X-XI siniflərdə təhsilin elə differensiasiya (fərqləndirmə) və fərdiləşdirmə vasitəsidir ki, tədris prosesinin məzmunu, quruluşu və təşkilində şagirdlərin tələbat, maraq, meyil və bacarıqlarını daha əhatəli nəzərə almağa, şagirdlərinin inkişaf səviyyəsinə uyğun təlim şəraiti yaratmağa imkan verir.
Təmayüllü siniflərdə təlimə keçid imkan verir ki:
– ədəbiyyat təliminin məzmunu fərqləndirilsin, fərdi təhsil proqramlarının tərtibinə şərait yaradılsın;
– ədəbiyyat fənninin dərindən öyrənilməsi təmin edilsin;
– cəmiyyətin və əmək bazarının tələbatları nəzərə alınsın;
– ümumi və peşə təhsili arasında varislik və davamlılıq təmin olunsun.
Təmayüllü siniflərdə “Ədəbiyyat” fənnini dərindən öyrənmək sadəcə materialın genişləndirilməsini nəzərdə tutmur. “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda qeyd edilir ki, Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafında mühüm strateji istiqamətlərdən biri, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir…