Təmayül sinifləri üçün ədəbiyyat fənni üzrə kurikulum aşağıdakı tərkibdə yaradılmış işçi qrupu tərəfindən hazırlanmışdır:
Soltan Hüseynoğlu – ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru
Bilal Həsənli – ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim
Aynur Mustafayeva – Bakı şəhəri, 18 nömrəli məktəbin ədəbiyyat müəllimi, “İlin müəllimi” müsabiqəsinin qalibi
Rəyçilər:
Nazilə Abdullazadə – pedaqogika üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyaları kafedrasının müdiri
Mirdaməd Sadıqov – pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Sədaqət Məmmədova – Bakı şəhəri 67 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Qasımova – Göyçay rayonu Qarabağlar kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi
Annotasiya
Təhsilin modernləşdirilməsi cəmiyyətimizdə gedən yeniləşmə, inkişaf meyilləri, islahatlar, təhsilin humanitarlaşdırılması meyilləri ilə səsləşir. Tam orta təhsil pilləsində təmayülləşmə şagirdlərin dünyagörüşünün inkişafı, mədəni, milli və ümumbəşəri dəyərlərə dərindən yiyələnməsi, istedadının üzə çıxarılması üçün zəmin yaradır. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, bizim uşaqlarımız doğma ana dilimizi, ədəbiyyatımızı, tariximizi mükəmməl öyrənməli və bilməlidirlər.
Təmayülləşmə konsepsiyası yuxarı siniflərdə humanitar yönümlü diferensial təlimin həyata keçirilməsinə geniş imkanlar açır. Bu, eyni zamanda ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə, bilik və bacarıqları ilə fərqlənən məktəblilərlə səmərəli iş aparılmasına da ciddi təsir göstərəcəkdir. Təmayülləşmə ədəbi təhsil üzrə bilik və bacarıq səviyyəsi ilə fərqlənən şagirdlərin istedadlarının, potensial imkanlarının, meyil və maraqlarının reallaşmasında, onların ümumi inkişafında əhəmiyyətli rol oynayacaqdır. Beləliklə, tam orta təhsil səviyyəsində təmayül sinfi uğurla bitirən istedadlı şagirdin təhsilini ali məktəbdə davam etdirməsi də təmin olunur.
Təmayül siniflərində təlim – X-XI siniflərdə təhsilin elə diferensiasiya (fərqləndirmə) və fərdiləşdirmə vasitəsidir ki, tədris prosesinin məzmunu, quruluşu və təşkilində şagirdlərin tələbat, maraq, meyil və bacarıqlarını daha əhatəli nəzərə almağa, şagirdlərin inkişaf səviyyəsinə uyğun təlim şəraiti yaratmağa imkan verir.