(Afət Süleymanovanın müəllifi olduğu 5-ci sinfin “Ədəbiyyat” dərsliyi haqqında yazdığım məqaləyə cavab verilib. Bu məqaləmdə “cavab” məktubuna münasibətim əks olunub)

“Ekspress” qəzeti, 15 yanvar və 16 yanvar 2013-cü il tarixli nömrələrində

Annotasiya

Bu yaxınlarda (1-3 və 4 dekabr saylarında) “Ekspress” qəzeti “Təhsil” nəşriyyatında V sinif üçün çap olunmuş “Ədəbiyyat” dərsliyi barədəki yazımı oxuculara çatdırmışdır. “Azərbaycan müəllimi” qəzetində (21 dekabr 2012-ci il) mənə ünvanlanmış açıq məktub çap edilib. Bunu səbirsizliklə gözləyirdim. V sinifdə dərs deyən müəllim və metodika ilə məşğul olan bir mütəxəssis kimi həmin dərsliklə bağlı yazdığım ciddi iradlara müəlliflərin münasibətini öyrənmək, polemikanı davam etdirmək və gələcək işimiz üçün faydalı nəticələrin çıxarılmasına yardımçı olmaq istəyirdim. Ümidlərim boşa çıxdı. Məktubda hücum taktikası, özünütərifləmələr, yalançı pafos, özüm və yazılarım barədə doğru olmayan iddialar, təhriflər baş alıb getsə də, sinifdə müşahidələrim, şəxsi təcrübəm həmkarlarımla fıkir mübadiləsi, sorğu, müsahibə əsasında yazdığım iradlara aydınlıq gətirilməyib. İradlarımın əksəriyyətindən yan keçilib. EIə məsələlərə toxunulub ki, o barədə ümumi şəkildə çox danışmaq mümkündür.

Madam ki məktub yazılıb, cavab da verilməlidir.

Məktubda deyilir: “Əlbəttə, hər bir müəllif yazdığı dərsliyin variativsiz olmasını arzulayır”. Mən bu eqoizmin əksini düşünürəm. Bu, daha keyfıyyətli dərsliyın yaranması üçün sağlam rəqabətə yol açmalıdır. Belə olanda yağı yağ üstə çıxar, ayranı ayranlıq olar. Necə ki bu, V sinfın ədəbiyyat dərslikləri ilə bağlı indi baş verir.

Yazmışdım ki, “müəlliflər bizim üçün tamamilə yad olan metod və metodologiyanı MÜKƏMMƏL mənimsəmədən məktəblərimizə gətirmək istəmişlər”.