5-ci sinif “Ədəbiyyat” dərsliyi haqqında (Afət Süleymanova, “Təhsil” nəşriyyatı”)
“Ekspress” qəzeti, 1-3, 4 dekabr, 2012.
Annotasiya
Fənn müəllimləri kurikulum əsasında hazırlanmış dərslikləri həyəcan qarışıq maraqla gözləyirdilər. Artıq yeni dərsliklərin tətbiqindən iki aydan çox vaxt keçib. Bütün fənlər üzrə bir, yaxud iki kiçik summativ qiymətləndirmə reallaşdırılıb. Deməli, dərsliklər haqqında xeyli təsəvvür qazanılıb. Bu barədə fikir mübadiləsi aparmaq, sonrakı illərdə hazırlanacaq dərsliklərlə bağlı təkliflər vermək, şübhəsiz, faydalı olar.
İxtisasımla əlaqədar “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri ilə tanış oldum. Bu yazıda işlədiyim dərsliyin (Ədəbiyyat, 5-ci sinif üçün “Təhsil” nəşriyyatı, 2012) ilk bölməsi (birinci kiçik summativ qiymətləndirməni əhatə edən hissəsi) barədəki qənaətlərimi oxucularla bölüşmək niyyətindəyəm.
Dərsliklə tanışlığa “Mündəricat”la başladım və onu dönə-dönə nəzərdən keçirdim. Ağlabatan bir sistem, ardıcıllıq görmədim. Müəllim üçün vəsaitə baxdım ki, mündəricatla bağlı təsəvvür qazanım. Üst-üstə qalaqlanmış, hərəsi bir mətləbdən xəbər verən qəliz tərcümə materialları mənə yol göstərmədi. Yenidən dərsliyə müraciət etdim. Məntiqlə, daha çox fəhmlə müəlliflərin mövqeyini anlamağa çalışdım.
İki bölmədən (bəlkə, hissədən?) ibarət olduğunu güman etmək olar: 1. Bədii əsərlərdə təsvir; 2. Bədii əsərlərdə nəqletmə.
Ona görə “güman etmək olar” deyirəm ki, ikinci bölməyə (hissəyə?) aid edilənlər birinci bölmənin (hissənin?) ardı kimi (bu, rəqəmlərlə ifadə olunub) verilib. Bu, oxucunun aydın nəticə çıxarmasına imkan vermir.