Ömrü yüzillərlə ölçülən ədəbiyyat tariximizin bu günün – yeni Zamanın verdiyi əlverişli imkandan bəhrələnərək gerçəklik zəminində və hər cür basqı, təzyiqdən azad şəkildə araşdırılması, obyektiv dəyrələndirilməsi vacibdir. İndiyə kimi deylən faydalı nə varsa, diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə araşdımaların daim dərinləşdirilməsi və genişləndirilməsi mühüm vəzifə hesab edilməlidir. Bunun üçünsə, ilk növbədə “milli ədəbiyyat tarixinin keçdiyi çoxəsrlik inkişaf yolunun sistemli şəkildə dövrləşdirilməsinin elmi təsnifatı” (İ. Həbibbəyli) hazırlanmalıdır. Bunun reallaşdırılması xalqımızın ictimai-tarixi və mənəvi təkamül proseslərini ayrı-ayrı mərhələlər üzrə dərindən dərk edilməsinə və nəticədə bütöv, həm də dolğun təsəvvürün qazanılmasına imkan yaradar. Başqa sözlə, vahid prosesin bir-biri ilə qırılmaz tellərlə bağlanan, möhkəm ənənə əsasında formalaşan tərkib hissələrinin özəlliyinin qavranılması bütövün qədərincə və doğru-dürüst dəyərləndirilməsinə səbəb olardı.
Ədəbiyyat tarixinin dövrləşdirilməsinə müxtəlif dönəmlərdə fərqli yanaşmalar olmuşdur. Həm də etiraf edilməlidir ki, tədqiqatçılar müxtəlif əsaslara önəm verdikləri üçün, bəzən, hətta bir-birinə zidd mövqe nümayiş etdirmişlər. Ədəbiyyatı uzun illər “təkərcik və vintcik” hesab edən hakim ideologiyanın bu məsələyə güclü təsirini, çox vaxt isə mənfi təsirini də unutmaq olmaz.

Məsələnin araşdırılmasına xeyli vaxt və gərgin əmək sərf edən akademik İsa Həbibbəyli ədəbi ictimaiyyəti düşündürən, həll edilməsi çoxdan gözlənilən problemlə bağlı tədqiqatının nəticəsini (Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri. Bakı, “Elm”, 2019, 452 səhifə) oxuculara təqdim etmişdir. Müəllif problemə geniş müstəvidə yanaşmış, ilk dəfə olaraq Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirmə konsepsiyasını və inkişaf mərhələlərini işləyib hazırlamışdır. Əslində, monoqrafiya bütövlükdə ədəbiyyat tarixinin keçdiyi uzun inkişaf yoluna yeni baxışın nəticəsi kimi dəyərləndirilməlidir. Ədəbiyyat tarixinin bütün dönəmlərdəki inkişaf xüsusiyyətlərini inad, səriştə və səbirlə incələyən, mülahizələrinin hər birini konkret nümunələrlə əsaslandıran akademik İ. Həbibbəyli yeni dövrləşdirmənin zəruriliyini tutarlı faktlarla diqqətə çatdırmışdır.