Soltan Hüseynoğlu
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya fakültəsi, Ədəbiyyatın tədrisi metodikası kafedrası
Bakı, Azərbaycan
Azərbaycan dili və ədəbiyyat tədrisi
2025 / Cild 71, Say 4 / 35‒52
https://doi.org/10.48445/s2576-0249-8945-f
Ədəbiyyat təlimində bədii əsərlərin öyrədilməsi diqqət mərkəzində olur. Bu, təhsil proqramının tələbi və fənnin mahiyyəti ilə bağlıdır. Bədii əsərin öyrənilməsində oxunun təşkili isə ilk və əhəmiyyətli addımdır. Dərkedilmiş oxunun reallaşdırılması bu prosesin səmərəliliyində başlıca şərtdir. Məqalədə bu istiqamətdə aparılmış tədqiqatın nəticələrinin bir qismi əhatə edilmişdir. Onun başlıca məqsədi oxucunun mütaliə prosesində nümayiş etdirdiyi əmək və yaradıcılığın özünəməxsusluğunun müəyyən edilməsidir. Bunun üçün aşağıdakı tədqiqat metodlarından istifadə olunmuşdur: problemlə bağlı metodik, pedaqoji, psixoloji, ədəbiyyatşünaslığa aid ədəbiyyatın öyrənilməsi, nəzəri cəhətdən təhlili və ümumiləşdirilməsi; problemlə bağlı məktəb təcrübəsindəki vəziyyətin müşahidə və sorğu yolu ilə öyrənilməsi və s. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, ciddi yaradıcılıq prosesinin məhsulu olan bədii əsər oxucu əməyi və yaradıcılığı olmadan mükəmməl öyrənilə bilməz. Tədqiqatın elmi yeniliyi bundan ibarətdir ki, onda ilk dəfə olaraq bədii əsərin oxusunda mütaliəçinin emosional-intellektual dərketmə fəaliyyətinin xüsusiyyətləri elmi-nəzəri müstəvidə şərh edilmişdir. İşin praktik əhəmiyyəti onunla izah olunur ki, işlənilmiş elmi-nəzəri əsaslar ədəbiyyat təliminin səmərəli təşkilinə imkan yaradacaqdır.