
Soltan Hüseynoğlu
Cəbrayıl rayonunda ziyalı ailəsində dünyaya göz açmışdır. Atası Hüseyn müəllim Qarabağ mahalının tanınmış ziyalılarından olmuş, uzun illər təhsil sahəsində rəhbər işlərdə çalışmışdır. Lakin məktəbdən heç vaxt ayrılmamış, ana dilimizi və ədəbiyyatımızı tədris etmişdir. Düzlük, dürüstlük, xeyirxahlıq, peşəsinə vurğunluq
ona böyük nüfuz qazandırmışdır. Onun pedaqoji mətbuatda vaxtaşırı çap etdirdiyi məqalələr maraqla qarşılanmış, həmişə diskussiyaya səbəb olmuşdur. “Azərbaycan dili” dərslikləri ilə bağlı silsilə məqalələr çap etdirən Hüseyn müəllimin görkəmli dilçi alim M. Hüseynzadə ilə mətbuatda elmi mübahisələri xüsusi araşdırmalarda geniş şərh edilmişdir. Respublikanın ilk əməkdar müəllimlərindən olan Hüseyn Kərbəlayı Sadiq oğlu o vaxtlar – tibbin zəif olduğu zamanlarda şəkər xəstəliyindən çox tez – 44 yaşında dünyasını dəyişmişdir…
Soltanlı kənd orta məktəbini bitirən Soltan Hüseynoğlu Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsilini başa vurduqdan sonra bir müddət müəllim işləmiş, əyani aspiranturaya daxil olmuşdur. Aspiranturada təhsilini hərbi xidmətdən sonra davam etdirmiş, həmin institutda da əmək fəaliyyətinə başlamışdır. Elmi yaradıcılığı bütövlükdə ədəbiyyatın tədrisi metodikasının müxtəlif problemlərinin araşdırılmasına həsr edilmişdir.