Ədəbiyyat

tədris və metodika

Bloq Necə Yarandı

Onu, yəni bu yazımda haqqında danışacağım Soltan müəllimi çoxdan, həm də lap çoxdan tanıyıram. Onun haqqında söz düşəndə fikrimi deməkdən çəkinməmişəm, bilirəm ki, söz-söhbətlə çox da arası olmayan, hər deyilən sözə əhəmiyyət verməyən bir insandır. Əgər onun haqqında dediklərim qulağına çatsa, xoşuna gəlməsə, məni görəndə ucadan “Bura baax, nə deyirmişsən səən!..”  deyəcək və dərhal da işlə bağlı suallar verməyə başlayacaq… Həmişə fikir-xəyal içində olur, başqasının işi-gücü ilə maraqlandığını heç vaxt görməmişəm…

Onun ömür yolu barədə çox məlumatlıyam, bildiklərimin çoxu da birbaşa müşahidə etdiklərimdir. İşgüzarlığına da bələdəm, sərtliyinə də… İşlə bağlı aramızda münaqişə, mübahisə də az olmayıb. Lap kiçik xətanın da üstündən  keçmədiyi hallar daha çox olub. Amma bəzən də elə ciddi qüsur olub ki, onu çox sakit qarşılayıb, “qismət belə imiş”, “görünür, belə olmalı imiş” deyib və işin yöndəmə düşməsinə çalışıb…

Haqsızlığa, ədalətsizliyə əvvəllər heç dözümü yox idi… Son vaxtlar isə, deyəsən, həyatın keşməkeşlərinə boyun əyib… Əyri-üyrü işlər barədə eşidəndə əlini kəskin şəkildə yelləməklə kifayətlənir…

Qəribədir ki, texniki yeniliklərə həmişə laqeyd olub. Mobil telefondan çox sonralar istifadə etməyə başladı, kompüterdə yazmağa da çox sonralar baş qoşdu. Bunun səbəbini bir dəfə soruşdum. Səmimi şəkildə dedi ki, “kompüteri öyrənməyə vaxt sərf etməyə heyifim gəlirdi”.

Bir dəfə ondan çap olunmuş əsərlərinin siyahısını istədik. Üç-dörd məqalənin adını yazıb verdi. Mən təəccüblə:
– Müəllim, bəs qalanlar?
– Bunları yazın, bəs edər.
– Axı sizin yazılarınız çoxdur.
– Nə mənası var, siyahı uzun olsun, ya da qısa… Kimdir buna baxan!?

Amma mən bilirdim ki, bu laqeydlik əvvəllər onda olmayıb. Yazılarını toplamağa başladım, müxtəlif qəzet və jurnallarda çap olunmuş məqalələrini bir yerə yığıb özünə verdim. İki gün sonra mənə təşəkkür etdi, məqalələrin bir qismini kitab şəklində çap etdirmək barədə düşündüyünü dedi.

Xəyalımda çoxdan yaşatdığım fikri demək üçün yaxşıca fürsət düşmüşdü. İnandırıcı şəkildə dedim:
– Müəllim, digər yazılarınızı da toplamağa, səliqəyə salmağa vaxtım var, bunları internetdə yerləşdirmək, bloq yaratmaq olar… təki siz razılıq verin.
Bir az susub kədərli səslə dilləndi:
– Bu, nəyi dəyişəcək?!
– İnsanlar baxarlar, istifadə edərlər…
– İndi yazı-pozuya nə baxan var, nə də ondan istifadə edən…

Günlərin bir günü baş verən hadisə arzumu gözümdə qoymadı. İş üçün nəşriyyata gəlmişdi. İlk sözü bu oldu ki, tələbə yoldaşlarımdan iki nəfərlə görüşdüm. Hər ikisi rayonda müəllimi işləyir. İkisi də məndən soruşdu ki, harada işləyirsən? 
Bunu deyib ürəkdən güldü, gülməyi də uzun çəkdi… Sonra üzünü mənə tutub dedi:
– Bu müəllimlər qəzet, jurnal oxumurlar? Axı mənim az-çox yazım çap olunub, dərsliyimiz də var…
Mən dillənmədim. 
Bu dəfə asta səslə dedi:
– Tələbəm olmuş bir müəllimənin Facebook-dan yazısını köçürüb mənə göndəriblər. Süsən adlı müəllimə yazır ki, nəhayət, 22 ildən sonra Soltan müəllimdən səs-soraq eşitdim.
Səsini bir az qaldırıb:
– Bilal müəllim yeni çap olunan kitabım haqqında Facebook-da yazıb, kitabla maraqlananlar olub. Beyləqandan Əli müəllim, Qobustandan Elvin müəllim və başqaları mənimlə ünsiyyətdə olmaq istədiklərini bildiriblər. Sən haqlısan, cəmiyyətdən təcrid olunmaq da doğru deyil…

Elə həmin günün axşamı Soltan müəllim üçün Facebook-da səhifə açdım. Heç yarım saat keçməmiş mənə zəng etdi ki, telefonuma çoxlu mesajlar gəlir, dostluq təklif edirlər…
– Qəbul edin də, – deyə, – deyə zarafaryana təklif etdim.
– Axı vaxtım yoxdur… 
Cavabında onu dilə tutmaq üçün yumşaq səslə astadan dedim:
– Ay müəllim, cəmiyyətdən qaçmaq lazım deyil…

Bloq barədə düşünməyə başladım. Əsərlərini  topladım.  Bir neçə gündən sonra ərklə dedim ki, sizdən müsahibə götürəcəyəm. Sözlərimə güldü. “Lap elə doğruçu müsahibə?”, “Bəli, lap doğruçu müsahibə, onu da bloqunuza qoyarıq”.
Xeyli düşünəndən sonra:
– Təklifin barədə fikirləşərəm, ömrümdə ilk dəfə olaraq müsahibə verərəm.

Bir neçə gündən sonra mənim təkidimlə görüşdük və mən ona ilk sualımı vermək imkanı qazandım. Çox qısa vaxt kəsiyində aşağıdakı məzmunda, həm də yarımçıq müsahibə hazır oldu.
– Taleyinizdən razısınızmı? Belə bir taleyi yenidən yaşamaq istərdinizmi?
– Görəsən, həyatda öz taleyindən razı olan insan çoxdurmu? Əlbəttə, həyatda məmnun qaldığım, sevinc və fərəh dolu məqamlar olub. Bu, ancaq məqam səviyyəsində olub… Mənə yenidən bu ömrü yaşamaq təklif olunsa, əsla razı olmaram. Elə əziyyətlər, məhrumiyyətlər görmüşəm ki, fikirləşəndə damarlarımda qanım soyuyur…
– Bəs peşənizdən razısınızmı?
– Çox, həddindən çox razıyam. Müəllim işləməkdən aldığım zövqü heç nə ilə dəyişmərəm. Amma gəncliyimizin elmə, təhsilə münasibətinin ildən-ilə azalması qanımı əməlli-başlı qaraldır. Öyrənmək, inkişaf etmək həvəsi gəncliyimizi, sanki, birdəfəlik tərk edib. Son illər auditoriyaya girmək mənim üçün çox çətindir…
İnsanlarda hansı cəhətləri xoşlayırsınız?
– Öz taleyinə laqeyd olanları qətiyyən sevmirəm. Çalışqan, zəhmətkeş, inkişaf etmək üçün çabalayan insanlara dərin hörmətim, rəğbətim var. Düşünən, əqli və mənəvi cəhətdən yetkin olanlara çox böyük sevgim var…
Vətənin, xalqın taleyinə biganə olanlara acıyıram, onları, həqiqətən, zavallı, əslində, bədbəxt məxluq sayıram. Belələrini sadəcə mövcud olan bir varlıq hesab edirəm. Bəlkə də sərt danışıram, amma qəlbimdə, zehnimdə nə varsa, onu da deyirəm…
Unutmaq olmaz ki, intellekti yüksək, mənəviyyatı zəngin olan insanlar “böyük məsələlər” barədə dərindən fikirləşməyə qabil olurlar. Elə buna görə də cəmiyyət özünün hər bir üzvünün inkişafı qayğısına qalmalıdır. Bu gün yazını, kitabı üzündən oxuya bilməyən 9-cu, 10-cu sinif şagirdlərinin sayının çox olmasından danışılır. Filologiya fakültəsinin IV kurs tələbəsi kiçik bir hekayəni oxuyub məzmununu danışmaqda çətinlik çəkir, riyaziyyat fakültəsində oxuyan 5-ci sinfin məsələ-misalını həll edə bilmir… Bununla nəyə nail olmaq mümkündür?
Beş-on ildən sonrakı Azərbaycanı təsəvvür edin…
Siz cavansınız, 2035-ci ildə bu sözlərimi yadınıza salıb, ətrafınıza diqqət edin, müşahidələrinizi bir müddət davam etdirin, gəldiyiniz nəticələri ucadan dilə gətirin. Deyirlər ki, ruh var, varsa, mən eşidərəm…
Uzun illərdir müəllimliklə bərabər, elmi işlə də məşğulsunuz, yazdıqlarınızdan razısınızmı?
– Hə, bir az yazı-pozum var. Amma, deyəsən, səhvlərim də var. Dərsliklə bağlı gördüyüm işlər mənim bütün enerjimi sümürdü. Bəlkə də məni qınayarlar, amma deməyə də bilmirəm: kim başqasının əzab-əziyyət çəkməsini arzulayırsa, ona desin ki, sən orta məktəb dərsliyi üzərində işləyəsən. Unudulmaz müəllimim Əziz Əfəndizadə bir dəfə dərsdə dedi ki, elə olur ki, bir mövzunun tapşırığı üzərində bir həftə düşünməli oluram. O vaxt təəccüblənmişdim, amma sonralar anladım ki, dərslik müəllifdən hər sözün, cümlənin üzərində ciddi düşünməyi tələb edir…
Dərsliklər vaxtımızı udmasaydı, Bilal müəllimin də, mənim də xeyli kitabımız ərsəyə gələrdi, əsas hissəsini çoxdan hazırladığımız doktorluq dissertasiyasını müdafiə edərdik…
Bəlkə yekunlaşdıraq?
Axı suallarım var. Məsələn, ailəniz haqqında soruşmaq istəyirdim, istəyirdim ki…
– Dayan, dayan… ailəm haqqında nə soruşmaq istəyirsiniz? Bu barədə məlumat kimə gərəkdir!? Mən bütün ailə üzvlərimə və bütün ailələrə cansağlığı arzulayıram.
Axı söhbətimiz yarımçıq qaldı…
– Eybi yoxdur. Ömür yarımçıq qalmasın!..

P.S. Bloq üçün hazırlanan materiallar bir ildən çox mənim kompüterimdə qaldı. Müəllim o barədə heç nə danışmadı…  Dəhşətli pandemiya peyda oldu. Distant təhsil hamını düşündürdü. Bir gün mənə zəng edərək birnəfəsə dedi: “ Tələbələr çox əziyyət çəkirlər, zəruru ədəbiyyat tapmırlar. Topladığınız materialların içində onlar üçün faydalı olan yazılar var. Vaxtilə liseydə şagirdim olmuş, ləyaqəti, istedadı ilə seçilən Kərim Tahiroğlu ilə danışmışam. O bu işdə bizə kömək edəcəyinə söz verib. Materialları ona göndərmək lazımdır.”

Kəmalə Əfqanqızı