Annotasiya
Yeni kurikulumun tətbiqi məktəbə nə verdi? Onun istifadəçiləri – ümumtəhsil məktəblərində çalışan müəllimlər həmin proqramla necə işləyirlər? Müəllimlər yeni proqram haqqında hansı qənaətdədirlər? Proqramın tələblərinin uğurla həyata keçirilməsi üçün faydalı hesab edilmiş yeni texnologiyaların tətbiqi ilə bağlı məktəbdə hansı vəziyyət müşahidə edilir? kimi sualların faktlar əsasında cavablandırılması görülmüş işlərə qiymət verilməsi, gələcəkdə icra ediləcək işlərin məqsədi, məzmunu barədə mövqeyin dəqiqləşdirilməsi baxımından faydalıdır.
Etiraf edilməlidir ki, yeni təhsil proqramı (kurikulum) fənnin tədrisi ilə bağlı ən zəruri məsələləri özündə əks etdirən gərəkli sənəddir. O, məktəbə ciddi yeniliklər gətirib; təlimin məzmununda, metod və vasitələrində əhəmiyyətli dəyişikliyə səbəb olub. İşini sevən, diqqətli, yaradıcı müəllimə indi artıq məlumdur ki, məsələn, VI sinifdə tədris olunan hekayənin öyrədilməsində qarşıya qoyulan məqsəd, təşkil olunan iş, şagirdlərdə formalaşdırılan bacarıqlar, onların nailiyyətlərinin qiymətləndirilməsi və s. V sinifdə həmin məzmundakı fəaliyyətdən fərqlənir. Belə müəllimlərə aydındır ki, yalnız faktların, rəqəmlərin, yaxud bədii əsərlərin məzmununun öyrənilməsi ilə kifayətlənmək yeni proqramın tələblərinə ziddir. Bu cür müəllimlər şagirdlərinə ardıcıl olaraq düşündürücü suallar verir, onları axtarış, tədqiqat xarakterli tapşırıqlar üzərində işlədir. Yeni təhsil proqramının tələblərini qədərincə anlayan müəllim dərsdə şagirdlərinin əməkdaşlıq şəraitində işləmələrinin qayğısına qalır, müxtəlif mənbələrdən faydalanmaq bacarığının inkişafına səy göstərir.