Annotasiya

Ədəbiyyat fənn kurikulumunda şagirdlərin yazılı nitqinin inkişaf etdirilməsi məqsədilə fərqli məzmunda işlərin (inşa, esse, məruzə, məqalə) yerinə yetirilməsi tövsiyə edilmişdir. Bu, əslində, tələb kimi irəli sürülmüşdür. Təbiidir ki, şagirdlərin yazı işləri ədəbiyyat təlimində bu göstərilənlərlə məhdudlaşmır; onlar, demək olar, hər dərsdə yazılı təqdimatlar hazılayır, referat üzərində işləyir və s. Müəllimlərlə görüşlərimizdə, dərsliklərin müzakirəsinə həsr olunmuş yığıncaqlarda nədən danışlırsa-danışılsın, söhbət əvvəl-axır essenin üzərinə gəlib çıxır. Müəllimlər bu yazı növünün məzmunu, forması, inşa ilə oxşar və fərqli cəhətləri barədə daha çox danışılmasını arzulayır, suallar verir, deyilənlərlə razılaşmadıqları məqamlar da olur.

Esse yeni proqrama (kurikuluma) necə düşdü? Lap təsadüfən! Biz – ədəbiyyat fənn kurikulumu üzrə milli məsləhətçilər – əməkdar müəllim, dosent Bilal Həsənli və mən iş prosesində zəruri ədəbiyyatla təmin edilmədiyimizdən xarici dildən lazımi materialın müəyyən qismini özümüz tərcümə edir, böyük bir hissəsini isə tərcümə etdirir, sistemli məlumat əldə etməyə çalışırdıq.