Annotasiya

Milli azadlıq ideyalarını, dövlət müstəqilliyini vəsf etməkdən usanmayan unudulmazsənətkarımızın –Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: “Əhməd Cavad Azərbaycanın ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəstxətti ilə çeçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli mfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.”

Sərəncamdakı fikirlər şairin ömür yolunun və yaradıcılığının araşdırılmasına, öyrənilməsinə dəqiq və aydın istiqamət verir. Etiraf edilməlidir ki, Ə. Cavadın öyrənilməsi ilə bağlı hələ görülməli iş çoxdur. Bunun üçün dilçilərin və ədəbiyyatşünasların birgə fəaliyyətinə ciddi ehtiyac duyulur. Məsələnin başqa tərəfi də var; sənətkarın ümumtəhsil məktəblərində, eləcə də ali mktəblərdə tədrisi məsələlərinin araşdırılması pedaqoqları, metodist alimləri ciddi düşündürməlidir.